ELM VƏ TƏHSİL
Xətai və Nəsimi rayonlarındakı 263 və 35 nömrəli məktəblər üçün yeni korpuslar inşa ediləcək
Bakı, 8 may, AZƏRTAC
Xətai rayonunda 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusu və birmərtəbəli keçidləri söküləcək, yeni korpuslar (idman və akt zalı ilə) tikiləcək. Habelə Nəsimi rayonunda 35 nömrəli orta məktəbin köhnə korpusu söküləcək, yeni korpus tikiləcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Xətai rayonunda 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülməsi, yeni korpusların (idman və akt zalı ilə) tikintisinə 3 milyon 690 min manat, Nəsimi rayonunda 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, yeni korpusun tikintisinə isə 1 milyon 580 min manat vəsait ayrılıb.
Xatırladaq ki, Sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamla təsdiq edilmiş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim edəcək. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.