CƏMİYYƏT
Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşları faşizm üzərində qələbəyə həsr olunmuş tədbirdə iştirak ediblər
Sofiya, 9 may, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyi faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, mayın 9-da Rusiyanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Sofiya şəhərinin “Knyajeska” parkında faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Mərasimdə əsasən Bolqarıstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rusiyanın Bolqarıstandakı səfiri faşizm üzərində qələbədə keçmiş sovet respublikalarının rolundan danışıb.
Mərasim iştirakçıları müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra tədbir iştirakçıları tərəfindən, o cümlədən Azərbaycanın Bolqarıstandakı səfirliyi adından “Sovet ordusu” abidəsinin qarşısına əklil qoyulub.
Mərasim konsert proqramı ilə davam edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri