CƏMİYYƏT
Naxçıvana ən müasir hərbi texnikaların gətirilməsi muxtar respublikanın müdafiə potensialının möhkəmlənməsinə töhfə verir
Bakı, 11 may, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və Naxçıvanın yerləşdiyi coğrafi ərazi Azərbaycan rəhbərliyinin Naxçıvanın silah-sursat təchizatını daim yüksək səviyyədə saxlamasına gətirib çıxarıb. Hazırda Naxçıvanda dünyanın ən müasir və son texnologiyalara əsaslanan hərbi texnikalar, silah sistemləri yerləşdirilib. Naxçıvana bu hərbi texnikanın gətirilməsi muxtar respublikanın müdafiə potensialının möhkəmlənməsi işinə töhfə verir.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.
Hərbi ekspert qeyd edib ki, son günlərdə Naxçıvanda Prezident İlham Əliyev tərəfindən bir neçə hərbi infrastruktur obyektinin açılışı olub. Həmin obyektlər arasında Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisələrindən biri olan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılması əlamətdar hadisədir. Hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektin böyük önəmi var. Hospitalın imkanları gələcəkdə Naxçıvan ərazisində xidmət edən hərbi qulluqçuların bu ərazidən çıxmadan tibbi xidmətlərdən yararlanmasına imkan verəcək. Bu hospitalın imkanları, eyni zamanda, ən müasir avadanlıqlarla mürəkkəb tibbi əməliyyatların yerinə yetirilməsinə şərait yaradacaq.
Ədalət Verdiyev bildirib ki, Azərbaycan uzun müddət Qarabağ probleminin həlli istiqamətində danışıqlarda iştirak etsə də, heç bir zaman müharibə yolunu da istisna etməmişdi. Məhz 2018-ci ildən Günnüt və onun ətrafında yerləşən Xunutdağ və Qızılqaya yüksəkliklərinin azad edilməsi Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyırdı. Azərbaycan Ordusunun bu yüksəklikləri azad etməsi ordumuzun həm Ermənistanın şimalı ilə cənubunu birləşdirən magistral yola, həm də Ermənistanı Qarabağla birləşdirən Yexitnadzor–Gorus-Laçın-Xankəndi yolunu vizual və atəş nəzarətinə götürməsi ilə nəticələndi. Dolayısı ilə Azərbaycan şimalda Talış yüksəklikləri, mərkəzdə Lələtəpə, qərbdə isə Qızılqaya və Xunutdağ yüksəkliklərini ələ keçirməklə gələcəkdəki mümkün müharibədə uğur qazanmaq üçün vacib imkanlar əldə etmişdi.
“Başqa sözlə desək, Azərbaycanın Naxçıvan istiqamətində əldə etdiyi Günnüt qələbəsi və azad edilən digər yüksəkliklər böyük Vətən müharibəsində Zəfərin qazanılmasında böyük rol oynadı.
Odur ki, Günnüt əməliyyatının əhəmiyyəti böyükdür. Günnüt əməliyyatı nəticəsində əldə edilən yüksəkliklər imkan verdi ki, Azərbaycan Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət etsin və İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanın əldə edilməsində mühüm amilə çevrildi. Ümumiyyətlə, bu müharibədə Naxçıvan fəal iştirak etdi və bütövlükdə ölkə hüdudlarının müdafiə edilməsində mühüm rol oynadı. Vətən müharibəsində Naxçıvanda dislokasiya olunmuş hərbi hissələrin hərbçiləri fəal iştirak etdi və böyük fədakarlıq göstərdi.
Naxçıvanın qorunmasında, müdafiə olunmasında və düşmənin yerinə oturdulmasında ulu öndər Heydər Əliyevin də misilsiz xidmətləri olub və deyə bilərəm ki, bugünkü Zəfərin təməli isə o vaxt Naxçıvanda atılıb.
Naxçıvanda açılan yeni hərbi aerodrom bu ordunun hava əməliyyatlarını müstəqil olaraq bütün komponentləri ilə tam həcmdə yerinə yetirməsinə, dolayısı ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş potensialının artırılmasına imkan verir.
Aerodromun tikilməsi Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımların bariz nümunəsidir”, - deyə həmsöhbətimiz vurğulayıb.