CƏMİYYƏT
Nantdakı “Qarabağ” məktəbinin şagirdlərinə Ümummilli Liderin fəaliyyətindən danışılıb
Bakı, 11 may, AZƏRTAC
Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş dərs keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, dərs zamanı şagirdlərə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu barədə ətraflı məlumat verilib.
Bildirilib ki, doğma Azərbaycanın inkişaf etməsi, qüdrətli dövlətə çevrilməsi, xalqımızın sülh, əmin-amanlıq və rifah içində yaşaması Heydər Əliyev kimi dahi şəxsiyyətin əsas amalı olub. Onun uşaqlara xüsusi qayğı ilə yanaşdığı, azərbaycanlı gənclərin qazandığı uğurlarla qürur duyduğu nəzərə çatdırılıb.
Dərs Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşıb.