DÜNYA
Avstraliya “Moderna” şirkətindən koronavirusa qarşı 25 milyon doza peyvənd sifariş edib
Tokio, 13 may, AZƏRTAC
Avstraliya hökuməti ABŞ-ın “Moderna” şirkəti ilə koronavirusa qarşı 25 milyon doza peyvəndin tədarükü barədə razılaşma imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Skott Morrison məlumat verib.
Sifariş edilən peyvəndin Avstraliyaya iki partiyada – 2021-ci ilin sonunda 10 milyon doza və 2022-ci ilin birinci yarısında daha 15 milyon doza gətiriləcəyi gözlənilir. Qeyd edilir ki, peyvənd yerli tənzimləyici olan Dövlət Terapevtik Əmtəələr İdarəsi (TGA) tərəfindən bəyənildikdən sonra ölkəyə gətiriləcək.
Qeyd edək ki, Avstraliya hökuməti artıq “AsraZeneca”, “Pfizer – BioNTech” və “Novavax” şirkətləri ilə peyvəndin tədarükü barədə razılaşma imzalayıb. Həmin razılaşmalar çərçivəsində ölkəyə 170 milyon xarici peyvənd gətiriləcək. Bununla yanaşı, daha 50 milyon peyvənd dozası “AstraZeneca” şirkətinin lisenziyası ilə yerli “CSL Limited” şirkəti tərəfindən istehsal olunacaq.
Xatırladaq ki, Avstraliyada ümummilli peyvənd vurulması kampaniyasına fevralın 22-də start verilib. Artıq 2,8 milyon avstraliyalıya peyvənd vurulduğu da bildirilir.
Avstraliya Səhiyyə Nazirliyinin yaydığı son məlumatlara görə bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 29 min 947 nəfərə çatıb. Onlardan 910-nun həyatını itirdiyi qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio