DÜNYA
COVID-19: Fransada son sutkada 19 mindən çox yeni yoluxma qeydə alınıb
Paris, 14 may, AZƏRTAC
Fransada COVID-19 virusuna yoluxan və ağır vəziyyətdə olan pasiyentlərin sayı tədricən azalmaqdadır. Son sutkada ölkədə reanimasiya şöbələrində 4442 virus xəstəsi var. Halbuki, ötən həftə reanimasiya şöbələrində 5231 ağır xəstə olub. Son 24 saatda COVID-19-a 19 461 yeni yoluxma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda ölkənin Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, reanimasiya şöbələrində pasiyentlərin sayının azalmasına baxmayaraq, virus ölkədə geniş şəkildə yayılmaqdadır. Ölkə xəstəxanalarında vəziyyət gərgin olaraq qalmaqdadır. Son 24 saatda reanimasiya şöbələrinə 131 yeni ağır virus xəstəsi daxil olub.
Qeyd edilib ki, ölkə xəstəxanalarında 21712 koronavirus xəstəsi müalicə olunur. Səhiyyə İdarəsinin məlumatına əsasən, peyvənd kampaniyasının sürətləndirilməsi, ölkədə epidemiyanın yayılmasının azalması üçün əsas amildir.
Ölkədə ötən il dekabrın sonundan başlayan peyvənd kampaniyası çərçivəsində əhalinin 28,31 faizi və ya 18 966 771 nəfər peyvənd olunub ki, onlardan da 13,54 faizinə və ya 9 069 839 nəfərə hər iki doza peyvənd vurulub. Ölkədə bütün yetkin yaşda olan əhalinin (52 milyon) 2021-ci ilin avqust ayına qədər peyvənd edilməsi üçün gündəlik 595 193 doza peyvənd edilməlidir. Ancaq ölkədəki mövcud ritmlə yetkin yaşda olan əhalinin tam peyvənd edilməsi 2021-ci ilin dekabrına qədər davam edəcək.
Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı qəbul edilmiş qaydaların mayın 19-dan tədricən yumşaldılacağı gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris