İDMAN
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub
Bakı, 14 may, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, eyni saatda start götürən son 3 matçın ikisində meydan sahibləri, birində qonaqlar qələbə qazanıblar.
Lider "Qarabağ" klubu "Azərsun Arena"da "Keşlə"ni 2 cavabsız qolla məğlub edib. Qolları 47-ci dəqiqədə Mahir Emreli, 74-cü dəqiqədə Kvabena Ovusu vurublar. Emreli 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.
İkinci pillədə qərarlaşan "Neftçi" Sumqayıtda eyniadlı komandaya minimal hesabla qalib gəlib. Yeganə qola ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Voyislav Stankoviç imza atıb.
"Zirə" isə evdə "Səbail" üzərində 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Ağabala Ramazanov komandasını önə çıxarıb. 6 dəqiqə sonra isə Nemanya Ancelkoviç 2-ci topu rəqibin qapısından keçirib.
Bu nəticələrdən sonra "Qarabağ" (57 xal) və "Neftçi" (56 xal) mövqelərində qalıb. "Zirə" 38 xalla 3-cü pilləyə yüksəlib. 36 xalı olan "Sumqayıt" isə 4-cü sıraya geriləyib. Beləliklə, çempion, vitse-çempion və bürünc medalçı son turda məlum olacaq. Axırıncı turda "Neftçi" - "Qarabağ", "Sabah" - "Zirə", "Səbail" - "Sumqayıt" və "Keşlə" - "Qəbələ" matçları keçiriləcək. Bütün oyunlar mayın 19-da olacaq.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sabah"la məhsuldar heç-heçə edib - 2:2.