CƏMİYYƏT
Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayramını xüsusi sevinclə qeyd edirlər
Tbilisi, 15 may, AZƏRTAC
“Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayramını xüsusi sevinclə qeyd edirlər. Bunun ən başlıca səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsində özünün əzəli torpaqlarını işğaldan azad edərək Zəfər çalmasıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuli rayonunda Ramazan bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Səfir bildirib ki, müharibə zamanı Gürcüstan azərbaycanlıları mənəvi vətənləri olan Azərbaycana böyük dəstək və həmrəylik nümayiş etdiriblər.
F.Quliyev deyib: “Əminik ki, Gürcüstan da qısa zamanda öz ərazi bütövlüyünü bərpa edəcək və bu zəfəri azərbaycanlılar gürcü xalqı ilə birgə qeyd edəcəklər, çünki bizim xalqlara qələbə yaraşır”.
Diplomat Ramazan bayramı münasibətilə soydaşlarımızı təbrik edib, onlara sülh, rifah və müqəddəs ayda tutulan oruc, edilən niyyətlərin Allah tərəfindən qəbul edilməsini diləyib.
Tədbirdə Marneuli bələdiyyəsinin nümayəndələri, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, yerli müsəlman din xadimləri və Marneuli sakinləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi