REGİONLAR
Saatlıda Dövlət Yol Polisi əməkdaşları profilaktik tədbirlərə start verib
Saatlı, 15 may, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon ərazisində müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara parklanma qaydaları barədə geniş məlumatlar verilib.
Həmçinin yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə və piyada keçidlərindən düzgün istifadə etməyən vətəndaşlarla da profilaktiki söhbətlər apararaq, onlara qaydalara ciddi riayət etmələrinin vacibliyini çatdırıblar.
Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.