MƏDƏNİYYƏT
“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçiriləcək
Bakı, 16 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək və onları bir araya toplamaq məqsədilə reallaşacaq.
Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçiriləcək.
Görüşə qoşulmaq istəyən izləyiciləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrdəki hesablarını və layihənin İnstaqram səhifəsindəki (@digitalart.lab) hesabını izləyərək məlumat əldə edə bilərlər.