REGİONLAR
Naxçıvan Dövlət Universitetində keçirilən “Muğam axşamı” maraqla qarşılanıb
Naxçıvan, 16 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində təşkil edilən “Muğam axşamı”nda ali təhsil ocağının İncəsənət fakültəsinin müəllim və tələbələrinin təqdimatında Azərbaycan xalq musiqisinin incisi olan muğamlarımızın ifası alqışlarla qarşılanıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konserti ali təhsil ocağının Xalq çalğı alətləri kafedrasının müəllim və tələbələri müşayiət edib.
Konsertdə əvvəlcə “Rahab rəngi” musiqisi səsləndirilib. Sonra “Bayatı-Şiraz”, “Şur”, “Segah”, “Mahur”, “Vilayəti”, “Dilkeş”, “Çahargah” təsniflərinin ifası tamaşaçılara xoş ovqat bəxş edib.
Ali təhsil ocağında təşkil edilən konserti yüksək qiymətləndirən universitetin rektoru Elbrus İsayev ifaçıları təbrik edib. Bildirib ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Musiqili tədbirin sonunda muğam axşamına dəvət edilən qonaqlar konsertlə bağlı öz təəssüratlarını tamaşaçılarla bölüşüblər.