DÜNYA
Yaponiya hökuməti immiqrasiya sahəsində islahatlardan imtina edib
Tokio, 18 may, AZƏRTAC
Yaponiya hökuməti ölkənin müxalif qüvvələri, həmçinin ictimai və beynəlxalq təşkilatların tənqidi fonunda immiqrasiya sahəsində qanunvericiliyi sərtləşdirməyi nəzərdə tutan qanun layihəsini geri götürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 18-də NHK telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, qanunvericilikdə dəyişikliklər əcnəbi vətəndaşlara üçüncü dəfə qaçqın statusu təqdim edilməsindən imtina olunduqdan sonra hakimiyyət orqanlarına onları məcburi qaydada ölkədən çıxarmaq hüquqi verilməsini nəzərdə tuturdu. Bu qanun layihəsini tənqid edənlər, o cümlədən BMT-nin müvafiq komissiyaları həmin yanaşmanın qeyri-insani olduğunu əsas gətiriblər. Yaponiyanın özündə də bu qanun layihəsinə qarşı keçirilən etiraz nümayişlərində hüquq müdafiəçiləri onsuz da kifayət qədər kəskin olan immiqrasiya qanununun daha da sərtləşdirilməsinin yolverilməz olduğunu bildiriblər.
Qanun layihəsi ilə bağlı vəziyyət martda Naqoyada immiqrantlar üçün nəzərdə tutulan müvəqqəti saxlama təcridxanasında Şri-Lankdan olan 33 yaşlı qadının həyatını itirməsindən sonra daha da gərginləşib. Həmin qadın ötən ilin avqustunda tələbə vizasının müddətinin qurtarmasından sonra ölkəni tərk etmədiyinə görə immiqrasiya orqanları tərəfindən saxlanılıb. Hüquq müdafiəçiləri bu qadının ölümündə hakimiyyət orqanlarını təqsirləndirərək, ona lazımi tibbi xidmətin göstərilmədiyini bildirirlər. Hadisənin səbəbləri Ədliyyə Nazirliyi tərəfindən araşdırılsa da, onun nəticələri müxalifət tərəfindən ciddi tənqidə məruz qalıb.
Eyni zamanda, qeyd edilir ki, Yaponiya İmmiqrasiya Xidməti 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edənlərin yalnız 1 faizinin sorğusunu müsbət cavablandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio