ELM VƏ TƏHSİL
Salar Baba Xaridarinin “Oğuznamə”si işıq üzü görüb
Bakı, 18 may, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Salar Baba Xaridarinin “Oğuznamə”si nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, XVI əsrdə yaşayan Salar Baba Xaridarinin bu əsəri elmdə “Salar Baba oğuznaməsi” kimi tanınır. “Oğuznamə” Salar Babanın “Cami ət-təvarix” (“Tarixlər toplusu”) əsərinin bir hissəsidir. Bu “Oğuznamə” bütöv halda “Oğuz övladi-ətbaq və baqi-ətrak tarixi” (“Oğuz və onun nəslinin və qalan türklərin tarixi”) adlanır.
Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, türkmən dilindən Azərbaycan dilinə çevirən, “Ön söz”ün müəllifi və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır. Rəyçi akademik Teymur Kərimli, nəşrə məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.
Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab 21 hekayətdən ibarətdir.