DÜNYA
Paris-Notr-Dam kilsəsi ərazisində qurğuşun tozu konsentrasiyası aşkarlanıb
Paris, 18 may, AZƏRTAC
Paris-Notr-Dam kilsəsinin ərazisində qurğuşun tozu konsentrasiyasının çoxaldığı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Paris polis prefekturası kilsənin ərazisinin bağlanması ilə bağlı qərar verib.
Bildirilib ki, 2019-cu ilin aprelində katedralda baş vermiş yanğından sonra ətrafda qurğuşun tozu konsentrasiyası artdığı təsdiqlənib. İl-dö-Fransa Regional Səhiyyə İdarəsinin tövsiyəsi ilə katedral ətrafında müvafiq tədbirlər görülüb. Artıq müəyyən edilmiş perimetr çərçivəsində piyada və ictimai nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Qeyd edilib ki, ərazidə təmizləmə işləri aparılacaq, qurğuşun tozu konsentrasiyası aşağı salınandan sonra meydan yenidən ictimaiyyətə açıq olacaq.
Xatırladaq ki, 2020-ci ilin əvvəllərində kilsə yaxınlığında olan məktəblərin həyətində də qurğuşun tozu aşkarlanmış və məktəblər müvəqqəti bağlanmışdı.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris