SİYASƏT


17 saylı Yasamal III seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kursların birinci günü uğurla başa çatıb

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasında aşağı komissiyanın üzvləri və sədrləri üçün üçgünlük ixtisaslaşdırılmış kursların birinci günü maraqlı müzakirələrlə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar təşkil olunub.

Tədbirdə çıxış edən dairə seçki komissiyasının sədri Qədir Kərimov deyib ki, 30538 seçicisi olan və 28 məntəqəni birləşdirən 17 saylı Yasamal üçüncü seçki dairəsində seçki siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılması, habelə asayişin qorunmasında güc strukturlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması istiqamətində müvafiq işlər görülür.

Bildirilib ki, dairə seçki komissiyası budəfəki referendumun da Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Üç gün davam edəcək kursların birinci günündə “Seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” və “Seçici siyahıları ilə iş qaydası” mövzularında seminarlar təşkil olunub.

İxtisaslaşdırılmış kurslar çərçivəsində keçirilən seminarlarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən da ətraflı danışılıb.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.