REGİONLAR
Lənkəranda Xəzər dənizinin sahili tullantılardan təmizlənib
Lənkəran, 12 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 12-də “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti genişmiqyaslı sahilyanı təmizlik aksiyasına başlanılıb. Belə tədbirlərdən biri də Lənkəran şəhərində və Xəzər dənizi sahili boyunca keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ictimai qurumların nümayəndələri, könüllülərin iştirakı ilə Lənkəran şəhərinin Dövlət bayrağı meydanından başlayaraq dəniz sahili boyunca 10 kilometr ərazidə təmizlik və abadlıq işləri görülüb.
Aksiya zamanı ərazi metal qırıntıları, məişət əşyaları, plastik qablar və digər tullantılardan təmizlənib.
“Təmiz hövzələr” aksiyasının keçirilməsində məqsəd daxili su hövzələrinin sahilboyu ətraf ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır.