ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı
Bakı, 16 iyun, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ŞAR-ın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova “Ae/Be Herbiq tipli HD 190073 ulduzunun uzunmüddətli spektral dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, bu ulduzun 4 il ərzində alınmış spektral müşahidələrinə əsasən spektral xətlərin parametrlərinin qısamüddətli və uzunmüddətli dəyişkənliyi öyrənilib. Müəyyən olunub ki, 2015-2018-ci illərdə Hα və Hβ xətlərinin parametrləri 40 günlük tsikllərlə dəyişmə göstərir. Ekvivalent en ilə şüa sürəti tərs korelyasiya göstərir. Bu da ulduzun diskinin strukturunun dəyişməsinə əsaslanır.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.