REGİONLAR
Dövlət orqanlarında müvafiq vakant vəzifələrin tutulması üçün keçirilən esse imtahanının nəticəsi açıqlanıb
Naxçıvan, 16 iyun, AZƏRTAC
Muxtar respublikanın dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 2018-ci il mayın 19-da
keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün bu il martın 11-də elan edilmiş müsabiqənin esse mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, imtahan başlamazdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 90 dəqiqə vaxt verilib. İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Milli Qurtuluş Günü dövlətçiliyimizin və müstəqilliyimizin xilas tarixidir” mövzusu təqdim olunub.
Yazı işləri yoxlanılarkən namizədlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək, abzaslarla fərqləndirmək, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətləri, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etmə meyarları nəzərə alınaraq yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.
Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 13 namizəddən 12 nəfəri imtahanda iştirak edib, onlardan 8-i müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.