SİYASƏT
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladıqları tarixi Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm Şuşa Bəyannaməsini AZƏRTAC-a şərh edərkən belə deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərini təqdirəlayiq və Şuşa Bəyannaməsi fonunda əlamətdar hadisə kimi dəyərləndirib. “Şuşa Bəyannaməsi müdafiə sahəsində əməkdaşlığa və yeni nəqliyyat marşrutunun yaradılmasına yönəlib. Müttəfiqlik münasibətlərinə dair Bəyannamənin dərin qiymətləndirilməsindən aydın olur ki, sənəd ərazi bütövlüyünün, digər dövlətin daxili işlərinə qarışmamaq siyasətinin və qarşılıqlı hörmətin daha geniş əsaslarını əhatə edir. Bu aspektlər ümumi məqsədlərə nail olmaq yolunda siyasi və diplomatik münasibətlərin möhkəmləndirilməsi üçün vacibdir. Sənəd hərbi təhlükəsizlik və müdafiə potensialının tələb olunan restrukturizasiyası və modernləşdirilməsi üzrə səylərin gücləndirilməsinə yönəlib. Ona görə də hesab edirəm ki, regional inteqrasiyanı ehtiva edən bu Bəyannamə bir çox sahələrdə, xüsusən Ermənistan tərəfindən dəstəklənən dövlət terrorizminə, qeyri-qanuni miqrasiyaya, mütəşəkkil cinayətlərə və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yardımı təmin edəcəkdir. Strateji əməkdaşlıq iqtisadi inteqrasiyaya gətirib çıxaracaq və Qafqaz regionundakı digər ölkələrin daha geniş qarşılıqlı fəaliyyətinə kömək edəcək”, - deyə Xalid Teymur Əkrəm bildirib.
Şuşanın mühüm əhəmiyyətinə toxunan pakistanlı ekspert şəhəri Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi sayılan xüsusi ərazi kimi dəyərləndirərək deyib: “Şuşa tarixi əhəmiyyət və mədəni zənginlik baxımından Azərbaycan üçün adi bir şəhər deyil. Ermənistan qoşunlarının işğalından azad edilən Şuşa həm də Qarabağ bölgəsinin vacib və strateji şəhəridir”.
Xalid Teymur Əkrəm qeyd edib ki, Türkiyənin əsas müttəfiq kimi Azərbaycanı hər məsələdə, o cümlədən Qarabağ müharibəsində dəstəkləməsi təqdirəlayiqdir.
Türkiyənin Şuşada baş konsulluq açması ilə bağlı planına toxunan pakistanlı ekspert Azərbaycan və Türkiyənin münasibətləri möhkəmləndirməyə, regionda davamlı sülhün təminatına yönələn təşəbbüslərini yüksək qiymələndirib. Vurğulayıb ki, hər iki ölkə ilə müttəfiq olan Pakistan bu dövlətlərə milli və beynəlxalq platformalarda daim dəstək verib.