CƏMİYYƏT
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: 2019-cu ildən bəri didərgin düşənlərin sayı 4 faiz artıb
Bakı,18 iyun, AZƏRTAC
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar - 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb.
BMT QAK-ın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, hesabatda pandemiyaya baxmayaraq, 2020-ci ildə müharibələrdən, zorakılıqdan, təqiblərdən və insan hüquqlarının pozulması səbəbindən didərgin düşənlərin sayının artaraq təxminən 82,4 milyon nəfərə çatdığı qeyd olunub. Bildirilib ki, bu, 2019-cu ilin sonunda qeydə alınmış rekord göstərici olan 79,5 milyonla müqayisədə dörd faiz artım deməkdir.
Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 20 İyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Azərbaycan ictimaiyyətinə videomüraciət ünvanlayıb. İngilis dilində hazırlanan və Azərbaycan dilində subtitrlərlə təqdim olunan videoçarxda qaçqınların vəziyyətini əks etdirən görüntülər də yer alıb.