DÜNYA
Hindistanda COVID-19 virusuna yoluxanların sayı 30 milyonu ötüb VİDEO
Pekin, 23 iyun, AZƏRTAC
Hindistanda ötən sutka COVID-19 infeksiyasına 50 min 848 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 30 milyonu ötüb. Hindistan 30 milyonluq həddi keçən 2-ci ölkədir.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 səbəbindən 1358 ölüm qeydə alınıb. Hindistanda indiyədək 390 min 660 nəfər pandemiyanın qurbanı olub. Aktiv xəstə sayı təxminən 643 min nəfərdir.
Qeyd edək ki, martın əvvəlində Hindistanda pandemiyanın 2-ci və daha ağır dalğası başlayıb. Dalğanın mayın əvvəlinə təsadüf edən pik dövründə gündəlik yoluxma sayı 400 mini ötmüşdü. Ötən ayın bəzi günlərində sutkalıq ölüm sayı 4 mindən çox olub. Mayın ortalarından başlayaraq gündəlik yoluxma sayında azalma müşahidə olunur. Bununla əlaqədar bəzi yaşayış yerlərində karantin rejimi nisbətən yüngülləşdirilib.
Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar və Braziliya ardından 3-cü sıradadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin