CƏMİYYƏT
Kürdəmir rayon sakininə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər tutulublar
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 18-də Kürdəmir rayonu ərazisində Yaşar Baxşıyevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.
Kürdəmir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışları Xəyal Heydərov və Tural Cəbrayıllının şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Yaşar Baxşıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Xəyal Heydərov və Tural Cəbrayıllı həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.