İDMAN
London Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilər müəyyənləşmişdir
Bakı, 1 avqust (AZƏRTAC). XXX Yay Olimpiya Oyunları çərçivəsində avqustun 5-12-də Londonda güləş yarışları keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan güləşçiləri 13 çəki dərəcəsində Olimpiya lisenziyası qazanmışlar. Bu çəki dərəcələrində ölkəmizi kimlərin təmsil edəcəyi artıq dəqiqləşmişdir. Olimpiya Oyunlarının güləş yarışlarında ölkəmizi iki olimpiya dərəcəli hakim –Əjdər Cəfərov və Hicran Şərifov təmsil edəcəkdir.
Yunan-Roma güləşi üzrə yığma komandamız məşqçilər Salih Bora, Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında 5 çəkidə mübarizə aparacaqdır. Heyətdə Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq) yer almışlar.
Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi qadın güləşində yığmamız iki çəkidə lisenziya qazanmışdır. London Yay Olimpiya Oyunlarında ölkəmizi Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq) təmsil edəcəklər.
Sərbəst güləş üzrə yığmamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında 6 çəki dərəcəsində olimpiya medalları uğrunda yarışacaqdır. Londonda xalça üzərinə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) çıxacaqlar.
Yarışların proqramına əsasən, avqustun 5-7-də yunan-Roma güləşçiləri, avqustun 8-9-da qadınlar, avqustun 10-12-də isə sərbəst güləşçilər arasında Olimpiya mükafatçıları bəlli olacaqdır.