ELM VƏ TƏHSİL
182 azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində təhsil alacaq
Bakı, 8 avqust, AZƏRTAC
Macarıstanın ali məktəblərində 2016-2017-ci tədris ili üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələrin seçimi yekunlaşıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri nazirlik Macarıstan tərəfi ilə birgə aparıb.
Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 182 azərbaycanlı Macarıstan ali təhsil ocaqlarının tələbəsi olmaq hüququnu qazanıb.
Tələbələrin böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” və digər ali təhsil müəssisələrində kompyuter elmləri, iqtisadiyyat, kənd təsərrüfatı, biznesin idarə olunması, turizm, mühəndislik, kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 104-ü magistratura, 71-i bakalavriat, 6-sı doktorantura və 1-i isə baza ali tibb təhsili üzrə təhsil alacaq.