REGİONLAR
“Gələcək üçün maliyyə” adlı təlimlərə start verilib
Şahbuz, 29 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində ilk təlim Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil olunub.
Maliyyə Tədris Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr və könüllü gənclər iştirak ediblər. 50-dən çox tələbənin cəlb olunduğu təlimin keçirilməsində məqsəd tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir.
İlk olaraq, Maliyyə Tədris Mərkəzinin əməkdaşı layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə qarşıya qoyulan vəzifələrin icrası əhəmiyyətli layihələrin reallaşmasına yol açıb. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamla bağlıdır. Tələbələrin layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakları onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.
Tədbirin proqramına uyğun olaraq mərkəzin əməkdaşı Pərviz Babayev tərəfindən “Gələcək üçün maliyyə” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Təqdimat zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə nədir, büdcənin düzgün şəkildə idarə edilməsi, şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi, yığım və investisiyanın əhəmiyyəti və digər mövzular haqqında ətraflı məlumat verilib.
Tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 5 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar və hədiyyələr təqdim olunub.