CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 46 zərərçəkmişə sosial xidmət göstərilib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 30-u İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür. İnsan alverinin təhlükəsi və fəsadları haqqında məlumatlılığın artırılması, bu cinayətlərlə mübarizədə daha geniş iştirakın təmini məqsədilə ölkəmizdə davamlı addımlar atılır.
Bu günün Azərbaycanda qeyd edilməsi ölkəmizdə insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılmasının bariz nümunəsidir.
Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi də bu istiqamətdə fəaliyyət göstərir. Burada insan alveri qurbanlarına sosial-hüquqi, psixoloji və tibbi yardımlar edilir. Həmin mərkəzdə 46 zərərçəkmişə sosial xidmət göstərilib. Bunlardan 42-si qadın, 4 nəfəri isə kişidir.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə 2021-ci ilin 6 ayının yekunlarına və postmüharibə dövründə sosial xidmətlərə dair keçirilən mətbuat konfransında bildirib.
V.Behbudov deyib: “Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə üzrə fəaliyyətinin statistikasına gəldikdə isə altı ay ərzində Agentliyə 182 müraciət daxil olub ki, onlardan 58-i müəssisədən övladlığa götürmə ilə bağlıdır. Bu dövrdə 28-i qız və 26-sı oğlan olmaqla 54 uşaq övladlığa verilib. 31 uşaq isə müəssisədən ailəsinə re-inteqrasiya olunub, yəni ailələrinə qaytarılıb. Övladlığa verilən uşaqların mütəmadi olaraq monitorinqi də həyata keçirilir. Bu dövrdə 206 övladlığa verilən uşaq monitorinq edilib”.