CƏMİYYƏT
TƏBİB-in doğuşa yardım xidməti göstərən tibb işçiləri üçün təşkil etdiyi təlim kursu başa çatıb
Bakı, 2 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə “Neonatal xidmətin yaxşılaşdırılması üzrə işçi qrup”un fəaliyyət planına uyğun təşkil edilmiş təlim kursu başa çatıb.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Amerikanın Kardioloji Assosiasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə 2020-ci ildə təsdiqlənmiş əlavələri əhatə edən növbəti təlim kursu Sumqayıt Perinatal Mərkəzdə keçirilib.
Təlimdə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacıları iştirak ediblər.
Təlimçilər Nahidə Mahmudova, Sevda Əsədova, Aydan Şahbazzadə və Xeyransa Bayramova iştirakçılara NRP kurs proqramına əsasən nəzəri biliklər və praktiki bacarıqlar təqdim ediblər.
İki gün davam edən təlimi müvəffəqiyyətlə bitirən kurs iştirakçılarına sertifikatlar təqdim olunub.