CƏMİYYƏT
“Səhnədə” müsabiqəsinin final mərhələsi üçün on gənc seçilib
Bakı, 2 avqust, AZƏRTAC
İfaçılıq istedadı olan gənclər üçün elan edilən “Səhnədə” müsabiqəsinin canlı dinləmələri yekunlaşıb.
Azərbaycan Respublikasının Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi paytaxt və regionlarda xüsusi istedada malik gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir.
Müsabiqədə Lənkəran, Quba, Şəki, Gəncə, Yevlax, Bakı və Naxçıvan şəhərlərində keçirilən kastinq mərhələsində uğur qazanan 100-dən çox gənc münsiflər heyəti qarşısında çıxış edərək ifaçılıq bacarıqlarını sərgiləyiblər.
Ölkəmizdə musiqi sahəsində tanınan şəxslər - Sevda Ələkbərzadə, Pərviz İsaqov (PRoMete) və hər kastinq üzrə dəvət olunan ulduz qonaqlar - İlhamə Qasımova, Zamiq Hüseynov, Aytən İsmixanova, Natavan Həbibi, Muxtar Abseynov, Nigar Kərimbəyova və türkiyəli müğənni Ferman Akgüldən ibarət münsiflər heyəti “Səhnədə” müsabiqəsinin final mərhələsi üçün 10 gənci seçib.
Müsabiqənin sonrakı mərhələsində kastinqlərdəki dinləmələrin yekununda istedadı ilə münsiflərin diqqətini cəlb edən və seçim meyarlarına uyğun gələn 10 gəncin Bakıda baş tutacaq qala-konsertində çıxış etmək şansı olacaq. Konsertin yekununda münsiflərin qərarı ilə seçilən 3 gənclə “RÄNG” leyblı arasında birillik prodüserlik müqaviləsi imzalanacaq. Müsabiqənin kastinq mərhələləri və möhtəşəm böyük finalı Azərbaycan Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq.
“Səhnədə” gənc istedadlar müsabiqəsi Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin, “RÄNG” leyblın tərəfdaşlığı və “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.