REGİONLAR
Astaranın Pensər və Ərçivan kəndlərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Astara, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Astara rayonunun Pensər kəndindən olan şəhidlər-Pərvin Salmanzadə və Samir Səmədov, Ərçivan kəndindən olan şəhid Sadiq Zeynalovun ailəsi ilə görüş keçirilib.
Keçirilən görüşlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Aliyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə və başqaları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanan görüş iştirakçıları, onlara müqəddəs Qurani-Kərim və hədiyyələr təqdim ediblər.
Görüşlərdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Mərasim iştirakçıları, həmçinin şəhidlərin məzarları önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onların ruhuna dualar oxuyublar.