DÜNYA
Latviya Prezidenti ABŞ-a işgüzar səfərə gedib
Riqa, 21 sentyabr, AZƏRTAC
Latviya Prezidenti Eqils Levits Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək və Miçiqan ştatına getmək məqsədilə sentyabrın 19-dan 24-dək ABŞ-da işgüzar səfərdədir.
AZƏRTAC xəbər verir ki, Latviya dövlət başçısının BMT Baş Assambleyasında çıxışı planlaşdırılır. E.Levits çıxışında ölkə liderlərinin COVID-19 pandemiyası ilə bağlı bu günədək çıxarmalı olduqları nəticələri işıqlandıracaq. O, həmçinin dövlətlərin davamlı inkişafı, iqlim və insan hüquqları məsələlərinə toxunacaq, eyni zamanda, fəaliyyətinin müasir dövrün tələblərinə cavab verməsi üçün BMT-də dəyişikliklərin həyata keçirilməsinə səsləyəcək.
Bundan başqa Latviya, Litva və Estoniya prezidentləri Baş Assambleyada BMT-nin Baş katibi Antonio Quterriş və Polşa Prezidenti Andjey Duda ilə görüşəcəklər. E.Levits Şri-Lanka Prezidenti Qotabaya Racapaksa və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə ikitərəfli görüşlər keçirəcək, həmçinin Üç Dəniz təşəbbüsü üzrə Atlantik Şuranın təşkil etdiyi görüşdə iştirak edəcək.
Latviya Prezidenti işgüzar səfər çərçivəsində Amerikanın Miçiqan ştatına da gedəcək. E.Levits Nyu-Cersi ştatında və Detroyt şəhərində olan Latviya icması və müxtəlif diaspor qrupları ilə görüş keçirəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa