İQTİSADİYYAT
Azərbaycan beynəlxalq kinoloji seminarda iştirak edib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 22-23-də “Narkotik qaçaqmalçılığı ilə mübarizədə gömrük orqanlarının kinoloji bölmələrinin rolu və yeri” mövzusunda beynəlxalq kinoloji seminar keçirilib.
Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir videokonfrans formatında təşkil olunub. Seminarda Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Macarıstan, Almaniya, Latviya, Koreya, Monqolustan, Polşa, Slovakiya, Finlandiya, Çexiya və digər ölkələrin gömrük orqanlarının kinoloji xidmət rəhbərləri və nümayəndələri iştirak ediblər.
Beynəlxalq kinoloji seminarın açılışı Moskva vilayətinin qubernatoru Andrey Vorabyov, Rusiya Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəis müavini Sergey Savoçkin və Rusiya Federal Gömrük Xidməti Kinoloji Mərkəzinin rəisi Vladimir Filippovun iştirakı ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikası DGK-nin Kinoloji Mərkəzi, eləcə də Rusiya, Macarıstan, Qazaxıstan, Polşa, Slovakiya, Koreya, Tacikistan, Finlandiya və Çexiya gömrük orqanlarının kinoloji xidmətləri və Ümumdünya Gömrük Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə nümayəndəliyinin məruzələri dinlənilib.
Komitənin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov məruzəsində bildirib ki, son 3 il və 2021-ci ilin 6 ayı ərzində gömrük əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük-keçid nəzarət məntəqələrində hərəkət edən müxtəlif nəqliyyat vasitələrində külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkarlanaraq dövriyyədən çıxarılıb. Axtarış itlərinin tətbiqi ilə keçirilən gömrük yoxlamaları, o cümlədən əməliyyat tədbirləri və texniki nəzarət vasitələrinin köməkliyi ilə müxtəlif gizli saxlanc yerləri aşkar edilərək qaçaqmalçılıq faktlarının qarşısı alınıb.
Seminarda Komitənin Kinoloji Mərkəzi ilə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin birgə hazırladığı “Narkotik qaçaqmalçılığı ilə mübarizədə gömrük orqanlarının kinoloji bölmələrinin rolu və yeri” adlı videomaterial da təqdim olunub.