ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutunda seminar: Qarabağ zəfərinə gedən yol
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunan “Qarabağ zəfərinə gedən yol” adlı onlayn elmi seminar keçirib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri Elm Tarixi İnstitutunun direktoru tarix elmləri doktoru Məryəm Seyidbəyli açıb. O bildirib ki, 30 ilə yaxın Azərbaycan işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etməyə, münaqişəni dinc yolla həll etməyə çalışsa da, Ermənistanın aqressiv siyasəti buna imkan vermirdi. ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq çərçivəsində həll edə bilmədiyini və yaxud həll etmək istəmədiyini vurğulayan institut direktoru ermənilərin bu fürsətdən istifadə edərək daha yeni torpaqlar işğal etməyə çalışdığını və Azərbaycanın məcburiyyət qarşısında qalaraq hərbi yolu seçdiyini söyləyib.
M.Seyidbəyli Azərbaycanın müzəffər ordusunun bütün dünyaya öz yenilməzliyini və qəhrəmanlığını nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdiyini deyib, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.
Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri dosent Ziyad Əmrahovun moderatorluğu ilə davam edən tədbirdə mövzuya həsr olunmuş məruzələr dinlənilib.
İnstitutun elmi katibi, dosent Zaur Əliyev “44 günlük müharibədə cəbhədə gördüklərim”, Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərova “Dünya hərb tarixində iz qoyan dağlarda döyüş — Şuşanın azad edilməsi”, tibb elmləri doktoru Tural Qəlbinur “Azərbaycan torpaqlarının işğaldan azad olunması zamanı göz zədələnmələri”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski “30 illik həsrətin zəfəri (sosial-siyasi baxış)” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxış edənlər Azərbaycan Ordusunun xüsusi döyüş əzmindən və fədakarlığından söz açıb, 44 günlük Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən şanlı qələbə ilə başa çatdığını vurğulayıblar.
Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “44 günlük savaş zamanı Azərbaycanda mədəni terrorun izləri” mövzusunda slayd təqdimatda erməni vandalizmi fonunda Qarabağda törədilmiş dağıntılardan, abidələrin, şəhərlərin, insan məskənlərinin xüsusi qəddarlıqla məhv edilməsindən danışıb.