ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda şəhidlərimizin xatirəsi anılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 sentyabr - Anım Günü münasibətilə şəhid və qazilərin ailə üzvlərinin iştirakı ilə geniş tədbir keçirilib. Öncə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclası giriş sözü ilə açan institutun direktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Azərbaycan Ordusunun qüdrətindən, şəhid və qazilərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğalçı düşməndən azad etdiyini qeyd edib.
Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Akademik İradə Hüseynova Azərbaycanın bu gün mövcud olan qüdrətli ordusunun bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Məhz bu böyük insanın fəaliyyəti sayəsində Silahlı Qüvvələrimiz dünya standartlarına cavab verən, vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrilib. Alim ötən ilin sentyabr-noyabr aylarının Azərbaycan tarixinə xalq-ordu-iqtidar birliyinin ən yüksək təzahürü kimi həkk olunduğunu bildirib.
Qazilər Ceyhun Abdullayev və Arif Cəbrayılıov 44 günlük Vətən savaşında keçdikləri döyüş yollarından, Azərbaycan əsgərinin əzmkarlığından və mübarizliyindən söz açaraq, şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə çıxış edən qazi anaları - Nəsibə Abdullayeva və Mayaxanım Xanışova müharibənin çətin günlərində onlara dəstək olduqlarına, diqqət və qayğı göstərdiklərinə görə institutun rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər.
İnstitutun əməkdaşı, şəhid bacısı Firuzə Rzayeva şəhid ailələrinə dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini vurğulayıb.
Digər əməkdaşlar da yaxınlarının müharibədə iştirak etdiyi günləri xatırlayaraq Azərbaycan xalqının Prezidentin ətrafında bir yumruq kimi birləşib bu sınaqdan şərəflə, qalib xalq kimi çıxdığını qeyd ediblər.
Birinci Qarabağ müharibəsinin iştirakçıları və institutun Veteranlar şurasının sədri AMEA-nın müxbir üzvü İbrahim Əzizov çıxış edərək Azərbaycan xalqının bu tarixi qələbəsinin məhz xalqın istəyi, ordunun gücü və rəhbərin iradəsinin üst-üstə düşməsi hesabına qazanıldığını vurğulayıblar.
Sonda 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.