CƏMİYYƏT
Xətai rayonunda Qarabağ müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadov və Nadir Mahmudovun adlarını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisinin deputatı Mixail Zabelin və başqaları çıxıb ediblər. Çıxışlarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin göstərdiyi şücaətdən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı bildirilib.
Şəhidlərin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilər Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Parkda görülən işlər çərçivəsində ərazidə yeniyetmə və gənclər üçün idman, azyaşlı uşaqlar üçün müxtəlif əyləncə qurğuları, eləcə də mini stadion, şahmat meydançası və s. quraşdırılmışdır. Böyük ərazidə salınmış yaşıllıq zolaqlarına, ağac və bitkilərə aqrotexniki qulluq göstərmək üçün su xətləri çəkilib, ərazi müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Yeni ağaclar, dekorativ kollar və güllər əkilib.