MƏDƏNİYYƏT
“Hüseyn Seyidzadə 100. Ağrılı taleyi olan korifey sənətkar” miniatür kitabı çapdan çıxmışdır
Bakı, 13 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti tərəfindən “Hüseyn Seyidzadə-100. Ağrılı taleyi olan korifey sənətkar” miniatür kitabı “İndiqo” mətbəəsində nəfis şəkildə çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, miniatür kitabda Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadənin “Əgər sənətkar bu gün sağ olsaydı”, “Tərcümeyi-haldan səhifələr”, “Axırıncı xəbərdarlıqla şiddətli töhmət”, “O, anadan kinorejissor doğulmuşdu”, “Tükənməz yaradıcılıq enerjisi özünü çox gözlətmədi”, “Dahi ömrü, milli sərvət əbədidir”, “Cavabsız qalan məktub”, “Azərbaycanın tarixi keçmişinə müraciət”, “Rejissorun sonuncu filmi”, “Çörəyi ver çörəkçiyə…”, “Qatır Məmməd” – “Çapayev”in kölgəsi”, “Tale də insanla oynayarmış!...”, “Təbriknamə” sahibinə çatmadı”, “Qürbətdə yaşaya bilmərəm…” yazıları yer almışdır.
Bütün bunlar Hüseyn Seyidzadənin çətin, lakin şərəfli ömür yolunu, yaradıcılığını, vətənpərvərlik, mübarizlik kimi keyfiyyətlərini, yaradıcılıq eşqini göz önündə kino lenti kimi canlandırır.
Kitabda bildirilir ki, 1910-cu il oktyabrın 15-də qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya göz açan Hüseyn Əli oğlu Seyidzadə yeniyetmə çağlarından zəhmətə alışmışdır. Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər zamanı onun ailəsi Bakıya köçmüş və yeniyetmə Hüseyn fabrikdə fəhləlik etmişdir. Həyata nikbin baxışı 1928-ci ildə onu aktyor kimi Bakı İşçi Teatrının səhnəsinə gətirmişdir. O, 1929-cu ildə Leninqrada (indiki Sankt-Peterburq) Dövlət Fəhlə Gənclər Teatrına təcrübə keçməyə göndərilmiş və bir il sonra Bakıya qayıdaraq “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilmişdir.
Moskva Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı illərdə (1931-1936) Mixail Romm, Lev Kuleşov, Sergey Eyzenştey kimi tanınmış sənətkarlardan kino sənətinin sirlərini öyrənmişdir. Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində rejissor assistenti, dublyaj rejissoru işləmişdir. Onun Niyazi Bədəlovla birgə hazırladığı “Ayna” (1940) bədii filminin çəkilişləri məlum olmayan səbəblərə görə dayandırılsa da, iki il sonra həmin materiallar əsasında “Sovqat” qısametrajlı bədii filminə quruluş vermişdir. Bir müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki adına kinostudiyalarda təcrübə keçmiş, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləmişdir.
H.Seyidzadənin 1945-ci ildə çəkdiyi “Əbədi Odlar diyarı” tammetrajlı sənədli filmində doğma torpağın gözəllikləri, qədim abidələr tərənnüm edilmiş, tarixi şəxsiyyətlərin portretləri, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının rəşadəti və əmək qəhrəmanlığı öz əksini tapmışdır.
Kitabda Hüseyn Seyidzadənin 1954-cü ildə rejissor Yan Fridlə birgə çəkdiyi “Doğma xalqımıza” adlı ilk rəngli Azərbaycan bədii-sənədli filminin müvəffəqiyyəti və rejissorun milli kinematoqrafiyanı şöhrətləndirə biləcək əsərlər yaratmağa qadir olduğu diqqətə çatdırılmışdır.
Hüseyn Seyidzadənin 1956-cı ildə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında ekranlaşdırdığı eyniadlı film bir rejissor kimi bitib-tükənməyən istedadını ortaya qoymuşdur. Görkəmli kino xadiminin sonralar bir-birinin ardınca ekranlaşdırdığı “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmləri Azərbaycanın mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.
Kitabda Hüseyn Seyidzadənin filmlərinin ümumxalq məhəbbətini qazanması kino tarixində özünə layiq yer tutması rejissorun hər kadr üzərində yaradıcılıqla işləməsi, hər kadra məna verilməsi ilə əlaqələndirilmişdir.
Qeyd olunmuşdur ki, Hüseyn Seyidzadə rejissor kimi 43 il ərzində cəmi beş bədii film - “O olmasın, bu olsun” (Azərbaycanda ilk rəngli film”), “Koroğlu” (ilk genişekranlı film), “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, bir qısametrajlı bədii film -“Sovqat” (rejissor H.Bədəlovla birgə), iki sənədli film - “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” (rejissor Y.Fridlə birgə) kino lentlərini çəkmişdir. Belə bir sənətkar üçün səkkiz film nə idi ki?! Lakin onu tanıyanlar yaxşı bilirdilər ki, bunun günahı Hüseyn Seyidzadədə olmamışdır.
Miniatür kitabda görkəmli kino xadiminin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı yazıları oxuduqca ona qarşı ardı-arası kəsilməyən təqiblərın, ünvanına deyilən haqsız iradların H.Seyidzadəni hər addımda izləməsinin şahidi olursan. Bu yazılardan məlum olur ki, günlərin birində kinostudiyada iclas vaxtı hansısa qəliz bir məsələni həll edərkən baş verən kəskin münaqişə zamanı ona deyilən haqsız iradlara ürəyi dözməyib səhhəti birdən-birə pisləşmiş və 1979-cu il iyunun 2-də xəstəxanada gözlərini əbədi yummuşdur.
Kitabda rejissorun çəkdiyi filmlərlə bağlı tənqidçilərin, aktyorların mülahizələrinə, müxtəlif qurumlar arasında yazışmalara, rejissorun fikirlərinə də istinad edilmişdir.
Miniatür kitabda Hüseyn Seyidzadənin həyat və yaradıcılığının ayrı-ayrı məqamlarını əhatə edən ağ-qara formatda 24 fotoşəkil yer almışdır.