DÜNYA
Latviyanın COVID-19-dan zərər çəkmiş sahələri dəstəkləmək üçün kifayət qədər vəsaiti var
Riqa, 21 oktyabr, AZƏRTAC
Latviyanın sərt karantin dövründə dəstək ödənişini dərhal maliyyələşdirmək üçün kifayət qədər vəsaiti var.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu sözləri ölkənin Maliyyə Nazirliyinin mətbuat katibi Aleksis Yarotskis söyləyib.
O, Latviya hökuməti tərəfindən təsdiqlənəcək bütün mümkün dəstək tədbirlərinin dərhal həyata keçirilməsini təmin etmək məqsədilə Dövlət Xəzinədarlığının hesablarında kifayət qədər likvidlik olduğunu bildirib.
A.Yarotskis qeyd edib ki, ötən il COVID-19 böhranının fəsadlarının yumşaldılması məqsədilə ayrılan yardımın ümumi məbləği 1,3 milyard avro və ya ümumi daxili məhsulun (ÜDM) 4,4 faizini təşkil etmişdi. Proqnozlara əsasən, carı ildə bu dəstəyin məbləği 3,2 milyard avro və ya ÜDM-in 10,2 faizini təşkil edə bilər.
Xəbər verildiyi kimi, Latviyada oktyabrın 21-dən noyabrın 15-dək dörd həftəlik sərt karantin rejimi qüvvəyə minəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa