DÜNYA
Liviyanın gələcəyinə dair beynəlxalq konfrans keçirilib
Qahirə, 22 oktyabr, AZƏRTAC
Tripolidə BMT, Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı, habelə ABŞ, Fransa, Almaniya, Misir, Səudiyyə Ərəbistanı rəsmilərinin iştirakı ilə Liviyanın gələcəyinə dair beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan Liviyanın keçid hökumətinin rəhbəri Əbdül Həmid Dbeibah dekabrın 24-də keçiriləcək şəffaf və demokratik seçkilərin ölkənin birliyini möhkəmlədəcəyini qeyd edib. O, bütün keçmiş münaqişə tərəflərini seçkilərin nəticələrinə hörmətlə yanaşmağa dəvət edib. Baş nazir, həmçinin Liviya ərazisində olan xarici hərbi qüvvələrin çıxarılmasına dair planın icrasının da əhəmiyyətini vurğulayıb. Dbeibah əlavə edib ki, suverenliyin təmini olmadan, ölkədə sabitlikdən danışmaq olmaz.
BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo da Liviyada keçiriləcək seçkilərin ölkədə dayanıqlı sülhə nail olunmasında əhəmiyyətini vurğulayıb. O, bütün beynəlxalq təşkilatları seçkiləri müşahidə etmək üçün missiya göndərməyə çağırıb.
Liviyanın xarici işlər naziri Necla Manquş məlumat verib ki, hazırda ölkədə 20 minə yaxın xarici muzdlu hərbçi var. Onun sözlərinə görə, bu cür vəziyyət regionda sülh və sabitlik üçün də təhlükəlidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə