DÜNYA
AFR-in yeni kanslerinin adı məlum oldu, hökumət isə dekabrın ortalarında formalaşacaq
Berlin, 22 oktyabr, AZƏRTAC
Almaniya Bundestaqına bu yaxınlarda keçirilmiş seçkilərdə koalisiya şəklində çıxış edərək qalib gəlmiş alman sosial-demokratları (ASDP), azad demokratlar (ADP) və “yaşıllar” dekabrın ortalarında yeni hökumət formalaşdıracaqlar.
AZƏRTAC xəbər verir ki, Angela Merkelin varisi olan yeni kanslerin adı da artıq məlumdur. Bu, sosial-demokrat Olaf Şoltsdur. Şolts formal baxımdan dekabrın 6-da seçiləcək və buna heç bir şübhə yoxdur.
Hökumətin formalaşması qrafiki koalisiya danışıqlarından əvvəl təqdim ediləcək. Gələn həftə ekspert-siyasətçilər birgə dövlət proqramı üzərində işə başlamalıdırlar. Sonra koalisiyanın ayrı-ayrı üzvləri hər gün (istirahət günlərindən başqa) görüşərək ayrı-ayrı istiqamətlər üzrə sənədlərin layihələrini hazırlayacaq və müzakirə edəcəklər. Bu iş noyabrın 10-na qədər davam edəcək. Əsas danışıq qrupu qarşıya çıxan sualların təfərrüatını nəzərə almaqla həmin sənədlərə son düzəlişləri edəndən sonra və noyabrın sonuna qədər koalisiyaların sazişini təqdim etməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin