DÜNYA
Serbiyada karantin qaydaları sərtləşdirilir
Belqrad, 22 oktyabr, AZƏRTAC
Epidemioloji vəziyyət nəzərə alınaraq Serbiyada karantin rejiminin qaydaları sərtləşdirilir.
AZƏRTAC xəbər verir ki, Serbiya hökuməti oktyabrın 23-dən başlayaraq gecə saatlarında kafe, otel və restoran kimi qapalı məkanlara daxil olmaq istəyənlərdən vaksin sertifikatı tələb olunmasına qərar verib.
Serbiyanın Baş naziri Ana Brnabiç ölkədə epidemioloji vəziyyətin hələ də ağır olduğunu və bunun müsbətə doğru getmədiyini bildirib. O deyib ki, oktyabrın 23-dən etibarən saat 22:00-dan sonra ölkədəki kafe, otel və restoranlara daxil olmaq istəyənlərdən vaksin sertifikatı, mənfi PCR testi və ya COVID-19 xəstəliyini keçirdiyini təsdiq edən sənəd tələb ediləcək.
Əcnəbilərdən isə Avropa İttifaqının COVID-19 sertifikatı və ya Serbiyanın ikitərəfli razılaşması olduğu ölkələr tərəfindən verilmiş oxşar sənədlər tələb olunacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad