REGİONLAR
Naxçıvanda 41 heyvandarlıq təsərrüfatı yaradılıb, bu sahəyə verilən kreditlərin həcmi 35,3 faiz artıb
Naxçıvan, 22 oktyabr, AZƏRTAC
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2021-ci ilin yanvar-sentyabr aylarında da diqqətdə saxlanılıb, 41 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 20 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq kompleksinin yenidən qurulması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-sentyabr aylarında 11 milyon 6 min 100 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 35,3 faiz çoxdur.
Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Bu ilin ötən dövründə heyvandarlıq təsərrüfatlarında 10074 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 7168 baş sağlam bala alınıb.
2021-ci il oktyabrın 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 426 baş, qoyun və keçilərin sayı 771 min 372 baş olub ki, bu da bir il öncəki göstəriciləri 2,9 və 2,1 faiz üstələyib.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 20118,6 ton ət, 74712,2 ton süd istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 və 1,5 faiz çoxdur.