ELM VƏ TƏHSİL
Dosent Zahir Əsədov: Ən şirin xatirələrim Zəngilanla bağlıdır
Bakı, 22 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayonuna səfərləri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri geniş əks-səda doğurub. Səfər iştirakçılarından biri – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zahir Əsədov bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.
Oktyabrın 20-də Zəngilanın azad edilməsinin birinci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfər etməsi, doğma yurd yerimizdə həyata keçirilən geniş quruculuq işləri ilə tanış olması sonsuz sevinc hissi doğurur.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımız erməni işğalından azad olunub. Xalqımızın doğma torpaq, yurd həsrətinə son qoyulub, Vətən müharibəsində qazandığımız Böyük Zəfər Azərbaycan övladlarının mərdliyini, qəhrəmanlığını dünyaya göstərib.
Vətən müharibəsində qazandığımız Böyük Qələbə tariximizin şanlı səhifəsinə daxil olub. Zəngilan mənim doğma yurdumdur. Uşaqlığım və yeniyetməliyim Zəngilanda keçib, ən şirin xatirələrim də Zəngilanla bağlıdır.
Ermənistanın ölkəmizə hərbi təcavüzü insan hüquqlarının pozulması, sosial-iqtisadi fəsadlar və tarixi-mədəni irsə vurulan ziyanla yanaşı, insan faktoruna təcavüz, ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı talanı ilə nəticələnib. Tarixi torpaqlarımızda təbiətə, dağ və meşə örtüklərinə, təbii su anbarları və yeraltı təbii bulaqlara qarşı ermənilər tərəfindən törədilən ekoloji təcavüzün nəticələri bu gün göz önündədir. Dünyada ikinci yeri tutan məşhur Zəngilan çinar meşəsi (Bəsitçay Dövlət Təbiət Qoruğu), ümumilikdə flora və faunanın nadir inciləri düşmən tərəfindən məhv edilib.
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız indi azaddır. Zəngilanın azadlığı təkcə rayon sakinlərinin doğma el-obalarına qayıtması demək deyil. Bu, həmçinin Avropaya açılan yeni qapıdır – Zəngəzur dəhlizi Azərbaycanı nəinki Naxçıvanla, həm də Türkiyə vasitəsilə Avropa ilə birləşdirən yeni ticarət və mədəniyyət əlaqələrinin qurulması deməkdir. Zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri ilə məşhur olan Zəngilan rayonunun azad olunması yeni ekoloji təmiz ərazilərin turizm potensialının genişləndirilməsi, qeyri-neft sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir. Təsadüfi deyil ki, Zəngilan rayonunda da Beynəlxalq Hava Limanın tikilməsi dəmiryol və avtomobil yollarından əlavə olaraq, Azərbaycanı yeni marşrutla Avropaya inteqrasiya etmək məqsədi daşıyır.
Bu gün Zəngilanın yeni dövrü başlayır. Zəngilan yeni tarix yazır. Rayonumuz bərpa ediləcək, yenidən qurulacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər, rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident rayonda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub.
Dosent Z.Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpa edilməsinə dair Sərəncamı çox əhəmiyyətlidir. Tam əminik ki, Zəngilan tez bir zamanda daha gözəl və daha abad bölgə olacaq. Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin mühafizəsi və əlbəttə ki, insanlar üçün yaşayış şəraitin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.
Gənc alim kimi mən də Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm, dövlətimizin başçısının Azərbaycan tarixində xidmətləri əvəzsizdir.