ELM VƏ TƏHSİL
Akademik İsa Həbibbəylinin məqaləsi Tatarıstan Elmlər Akademiyasının jurnalında dərc olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatını dünyaya tanıdan xəzinə: Nizami Gəncəvinin “Yeddi gözəl”i” adlı məqaləsi Rusiya Federasiyasının Tatarıstan Elmlər Akademiyasının “Fənni Tatarıstan” jurnalında dərc edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Tatarıstan Elmlər Akademiyasının Qalimjan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutu tərəfindən hazırlanmış nəşrdə “Türk xalqları ədəbiyyatı” rubrikası altında çap olunmuş məqalədə dahi şair Nizami Gəncəvinin yaradıcılığı və Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindən olan “Yeddi gözəl” poeması haqqında ətraflı məlumat verilir.
Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi qeyd olunması haqqındakı Sərəncamı görkəmli sənətkarın həyatı və yaradıcılığının müstəqil dövlətçilik ideallarının işığında yenidən tədqiq və təbliğ edilməsi vəzifəsini irəli sürür. Nizami Gəncəvini dünyada Azərbaycan şairi kimi tanıtmaq, əsərlərindəki ədalət və humanizm ideyalarını ölkəmizdə və beynəlxalq aləmdə təbliğ etmək elmimizin və ictimai fikrimizin qarşısında yeni üfüqlər açır.
Dahi şairin “Xəmsə”si haqqında söz açan akademik İsa Həbibbəyli məqalədə “Yeddi gözəl” əsərinin dünya ədəbiyyatında yeri və ideya-bədii xüsusiyyətlərindən bəhs edərək bu qiymətli əsəri “Azərbaycan ədəbiyyatının gözəli” kimi dəyərləndirir.
Qeyd edək ki, “Fənni Tatarıstan” elmi jurnalı Tatarıstan Respublikası Elmlər Akademiyası tərəfindən təsis olunub və görkəmli türkoloq alim Kim Minnullinin baş redaktorluğu ilə tatar dilində işıq üzü görür.