İQTİSADİYYAT
Beynəlxalq Valyuta Fondu Azərbaycanın bank sektorunun nümayəndələri ilə görüşüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə virtual missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) və onun nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələri ilə görüş keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Yunus Abdulov bank sektorundakı cari vəziyyət, bu sahədə ABA-nın rolu və təşəbbüsləri barədə məlumat verib.
İclasda “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov çıxış edərək ödəniş ekosistemi və rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar, ABA-nın rəqəmsal ödənişlər sahəsində yerli və beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirdiyi təşəbbüsləri haqqında danışıb. Qarşılıqlı müzakirələr və fikir mübadiləsi əsasında keçən görüşdə ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvü Zakir Xanməmmədov və “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun üzvü Tural Həsənov bankların rəqəmsal ödənişlər sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərə toxunaraq, müxtəlif ödəniş vasitələrindən istifadə imkanlarını açıqlayıblar.