CƏMİYYƏT
“1918-1920-ci illər: Azərbaycan tarixinin az öyrənilmiş səhifələri” mövzusunda tədbir
Bakı, 26 may, G.Məlikova, AZƏRTAC
Mayın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) müəllimi, publisist Qərənfil Dünyaminqızı "1918-1920-ci illər: Azərbaycan tarixinin az öyrənilmiş səhifələri" mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə publisist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına dair bəzi faktlardan və bu tarixi epizodların bugünkü proseslərə təsirindən danışıb. Mətbuat tarixi tədqiqatçısı olan Q.Dünyaminqızı bu dövrün mətbuatla bağlı reallıqları barədə məlumat verib. Bildirilib ki, zəngin və böyük tarixi inkişaf yolu keçən milli mətbuatımızdan öyrəniləsi bir çox müsbət xüsusiyyətlər var.
Tədqiqatçı deyib ki, mətbuatın “qızıl dövr”ü Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətdə olduğu dövr idi. Çünki həmin vaxt mətbuatımızın inkişafı üçün xeyli islahatlar aparılıb. Bu gün Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur.
Sonda jurnalistlərin sualları cavablandırılıb.