SİYASƏT
1918-Cİ İLİN FACİƏLİ MART HADİSƏLƏRİNƏ HƏSR OLUNMUŞDUR
Azərbaycan Dillər Universitetində 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.
Həmin faciə zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın dövlət himni səsləndirildi.
Konfransı giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru, dosent Natiq Yusifov, habelə tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev gənclərimizi ermənilərin xalqımıza qarşı qəddarlıqlarını unutmamağa, bu barədə həqiqətləri hər yanda yaymağa çağırdılar.
Sonra professorlar- tarix kafedrasının müdiri Mahal Məmmədlinin, Həmid Fərruxovun, dosent Fərman Əhmədovun, fəlsəfə kafedrasının müdiri Məhəmməd Teymurlunun, baş müəllim Xatirə Hacıyevanın məruzələri dinlənildi.
Natiqlər vurğuladılar ki,1918-ci ilin mart qırğınları zamanı Stepan Şaumyan başda olmaqla bolşevik-daşnak qüvvələri təkcə Bakıda 15 mindən artıq günahsız soydaşımızı qətlə yetirmişlər. Bu soyqırımı Azərbaycanın Quba, Qarabağ, Zəngəzur və digər bölğələrində də davam etdirilmişdir. Sovet dövründə ermənilərin azərbaycanlılara qarşı terror, təxribat, deportasiya siyasəti səngiməmişdir. Azərbaycan torpaqları hesabına yaradılmiş Ermənistan dövlətinin ərazisi indi 29,8 min kvadrat kilometrə çatdırılmışdır. 1988-ci ildən etibarən ermənilərin mənfur siyasətinin yeni mərhələsi başlanmış və bu, uzunsürən silahlı münaqişəyə gətirib çıxarmışdır. Məruzəçilər bildirdilər ki, ermənilərin iki əsr ərzində xalqımıza qarşı soyqırımı, deportasiya siyasəti haqqında əsl həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etmək sahəsində ardıcıl və məqsədyönlü tədqiqat-təbliğat işi aparılmalıdır.