SİYASƏT


1969-cu il 14 iyul: Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının başlanğıc tarixi

Naxçıvan, 14 iyul, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilib. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin oyanmasının, soy kökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Ulu Öndər Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb.

Türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək, bugünkü müstəqilliyimizin təməlini qoyub. 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illərdə Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bütün bunlar Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi.

Sonralar həmin dövrdə həyata keçirilən tədbirlərdən danışan Ulu Öndər deyib: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

1941-1945-ci illərdə SSRİ-nin neftə olan ehtiyacının 75 faizini ödəməsinə baxmayaraq, Azərbaycanın neftayırma zavodları 1970-ci illərdə müasir tələblərlə ayaqlaşmırdı. Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırıb və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olub. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verilib. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi.

Azərbaycanda milli dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, siyasi lider reallaşdıra bilərdi. Bu istiqamətdə o dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın dərk edirik. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparılıb, tarix və mədəniyyət abidələrinin pasportu hazırlanıb, görkəmli şair və yazıçıların yubileyləri keçirilib, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldılıb, onların adlarını daşıyan yaşayış məntəqələri salınıb, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkilib.

1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. XX əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.

Ulu Öndərin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Liderin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

Bir faktı da qeyd edək ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misli görünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib.

1993-cü ilin yayında ölkədə qardaş qanı töküldüyü və milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalq yenidən nicatını Ulu Öndərin hakimiyyətə qayıdışında gördü, dahi rəhbəri Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən Ümummilli Lider 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıtdı və bu QAYIDIŞ Vətənin xilası, xalqın qurtuluş tarixinə çevrildi, Azərbaycan 1969-cu ildən başlanan quruculuq yoluna döndü. Torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, sabitlik təmin olundu. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb oldu.

Azərbaycanın müasir tarixinin fenomen şəxsiyyəti kimi ümummilli lider Heydər Əliyev xalqın qəlbində özünə möhtəşəm abidə ucaldıb. O, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaratmışdır. Ümummilli Liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi və xalqın sosial rifah halını təmin edən inkişaf strategiyası Ulu Öndərin dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsinin nəticəsidir. İrəlidə Azərbaycanı Heydər Əliyev quruculuq xəttinin daha böyük uğurları, nailiyyətləri gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.