İDMAN
İlin ən yaxşı idmançıları, federasiyaları, klubları, KİV-ləri və idman jurnalistləri mükafatlandırılmışlar
Qaliblər arasında AzərTAc da vardır
Bakı, 24 dekabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idman xadimlərinə, federasiyalara, jurnalistlərə mükafatlar təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, dekabrın 24-də “Buta Palas”da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə təşkil edilmiş beynəlxalq turnirlər, milli komandamızın London Olimpiadasındakı çıxışı barədə videoçarx nümayiş olunmuşdur.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, bu il ölkəmizin idman ictimaiyyəti üçün uğurlu olmuşdur. 2012-ci ildə Azərbaycanda 40-dan artıq beynəlxalq yarış təşkil edilmişdir. Ölkəmizdə idman siyasətinin banisi ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndərin yaratdığı idman strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə vurğulamışdır ki, əvvəlki illər kimi, 2012-ci il də Azərbaycan idmanı üçün uğurlu olmuş, idmançılarımız bu ili yüksək göstəricilərlə başa vurmuşlar.
Sonra ilin ən yaxşı idman xadimlərinin adları elan edilmişdir.
İlk olaraq sərbəst güləşçilər Toğrul Əsgərov, Şərif Şərifov, Xetaq Qazyumov, yunan-Roma güləşçisi Rövşən Bayramov, Emin Əhmədov, qadın güləşçilər Mariya Stadnik, Yuliya Ratkeviç, boksçular Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, ağır atlet Valentin Xristov, paralimpiyaçı cüdoçular Ramin İbrahimov, Afaq Sultanova, İlham Zəkiyev, paralimpiyaçı üzgüçü Natali Pronina, şahmatçı Teymur Rəcəbov, paralimpiyaçı atlet Oleq Panyutin, karateçi Ayxan Mamayev, kikboksçu Ramal Aslanov, alpinist Rüfət Qocayev və pauerliftinqçi Hafiz Verdiyev mükafatlandırılmışlar.
Sonra Azərbaycan Güləş, Azərbaycan Boks və Azərbaycan Ağır Atletika federasiyaları ilin ən yaxşı federasiyaları, “Neftçi” İdman Sağlamlıq Mərkəzi, “Təhsil” İdman Mərkəzi, Gənclik İdman Sağlamlıq Cəmiyyətinin Respublika Şurası ilin ən yaxşı idman cəmiyyətləri, “Sərhədçi” İdman Klubu, Atilla İdman Mərkəzi və həmçinin İslam Hüseynov adına Uşaq-Gəclər Mərkəzi isə ilin ən yaxşı klubları seçilmişlər.
“Kür” Olimpiya İdman Tədris Mərkəzi, Sabirabad Olimpiya Kompleksi və İsmayıllı Olimpiya Kompleksi 2012-ci ilin ən yaxşı idman qurğuları nominasiyasında qalib elan olunmuşlar.
“Rabitə” voleybol klubu, “SOCAR Azərbaycan” şahmat klubu, “Neftçi” futbol klubu və “Akkord” otüstü xokkey klubu cari ilin ən yaxşı komandaları adına layiq görülmüşlər.
Sonra ilin ən yaxşı hakim və məşqçiləri mükafatlandırılmışlar.
Tədbirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qalib elan olunmuş KİV-lər mükafatlandırılmışlar. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) 2012-ci ilin yekunlarına görə ilin ən yaxşı informasiya agentliyi seçilmişdir.
AZƏRTAC-ın müxbiri Səxavət Quliyev isə cari ilin saytlar və qəzetlər üzrə ən yaxşı jurnalisti adına layiq görülmüşdür.
Tədbir konsert proqramı ilə davam etmişdir.