REGİONLAR
Naxçıvanda ötən il müxtəlif təyinatlı 355 obyekt tikilib və ya əsaslı təmir olunub
Naxçıvan, 26 yanvar, AZƏRTAC
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. 2021-ci ildə muxtar respublikada 355 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 149 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə 10 kənd mərkəzi istifadəyə verilib, 3 kənd mərkəzinin tikintisi, o cümlədən Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının yenidən qurulması davam etdirilib.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 8 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 1 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması davam etdirilib. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılıb, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi aparılıb.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib, 2021-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 31 texnika və 2 minik avtomobili verilib.
Babək rayonunun Cəhri qəsəbəsində, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Behrud, Dəstə, Dırnıs və Kələki kəndlərində kaptajların, Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında nasos stansiyasının tikintisi başa çatdırılıb, Ordubad rayon mərkəzi və ətraf kəndlərin, Babək rayonunun Araz kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılıb. Bundan əlavə, Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində 4, Babək rayonunun Nəzərabad və Ordubad rayonunun Dəstə kəndləri ərazisində, Şahbuz rayonunun Külüs, Qızıl Qışlaq və Badamlı kəndlərində, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə hər birində 1 subartezian quyusunun tikintisi başa çatdırılıb.
Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi, Babək rayonunun Sirab kəndində və Uzunoba Su Anbarı yaxınlığında içməli su xətlərinin çəkilişi davam etdirilib.