REGİONLAR
Sumqayıt musiqi məktəbinin nümayəndələri şəhid ailəsinə baş çəkiblər
Sumqayıt, 26 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Əlizamin Valeh oğlu Mustafalının ailəsinə baş çəkib.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb, ailənin qayğıları ilə maraqlanılıb.
Qeyd edək ki, şəhid Ə.Mustafalı 1997-ci ilin sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-u könüllü olaraq müharibəyə yollanıb. Şəhidimiz Hadrut-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edərək, oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb.
Əlizamin ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.