DÜNYA
Energetik sistemdə nasazlıq səbəbindən bağlanan Daşkənd metrosu işini bərpa edib
Bakı, 26 yanvar, AZƏRTAC
Özbəkistanın energetika sistemdə baş verən nasazlıq səbəbindən bağlanan Daşkənd metrosunda qatarların hərəkəti tam bərpa olunub.
AZƏRTAC Özbəkistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Bu gün yerli vaxtla səhər saat 05:00-dan etibarən paytaxt sakinləri üçün ən rahat nəqliyyat vasitələrindən biri olan metro qrafik üzrə sərnişinləri təyinat məntəqələrinə çatdırmağa başlayıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, yanvarın 25-də səhər saatlarında Qazaxıstanın cənubunda, həmçinin bütün Qırğızıstanda və Özbəkistanın şərqində elektrik enerjisinin kütləvi kəsintisi baş verib. Bu, bir çox şəhərdə, əsasən də Bişkek, Daşkənd və Alma-Atıda hava limanlarının, dəmir yolu nəqliyyatının və kommunikasiya xətlərinin fəaliyyətinin dayanmasına səbəb olub. Özbəkistan və Qırğızıstanın Energetika nazirlikləri problemi Qazaxıstanın elektrik şəbəkələrində baş verən qəza ilə əlaqələndirib. Qazaxıstanın enerji şəbəkələrini idarə edən “Keqok” kompaniyası isə öz növbəsində qəzanı Qırğızıstan və Özbəkistanın elektrik sistemində yaranan balans pozulması səbəbindən tranzit xəttinin həddindən artıq yüklənməsi ilə izah edib.